Əbülfəz Elçibəy böyük türk

simvolu idi


Azərbaycan xalqı böyük bir siyasi liderini itirib


Dünən Bütöv Azərbaycan Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Elçibəy ziyalıların gözü ilə“ adlı dəyirmi masa keçirib. Şair Rüstəm Behrudi bildirib ki, Əbülfəz Elçibəy Azərbaycan tarixində silinməz iz qoyub.


O, ölkə prezident
ləri sırasında öz sadəliyi ilə seçilən şəxsiyyət olub. Azərbaycan xalqının böyük bir siyasi liderini itirdiyini deyən Rüstəm Behrudi qeyd edib ki, Əbülfəz Elçibəyin ölkə siyasətində yeri boş qalıb. Bu boşluğu isə heç bir siyasi xadim doldura bilmir. Əbülfəz Elçibəyin Azərbaycan üçün bəşəri hisslər qoyduğunu deyən ziyalı Rafiq İsmayıl isə bildirdi ki, Ə.Elçibəy XX əsrin istiqlal savaşı uğrunda mübarizə aparanlar sırasındadır: “Ə.Elçibəy Azərbaycan üçün böyük bir türk simvolu idi. O, ideyalarına sonadək sadiq qaldı“. Bəstəkar Cavanşir Quliyev isə Əbülfəz Elçibəyin ölkənin təkcə siyasi arenasında deyil, mədəniyyət və incəsənət sahəsində də xeyli dəyişikliklər etdiyini bildirdi. Onun sözlərinə görə, Əbülfəz Elçibəy 70-ci illərdə tanınmış Azərbaycan sənətçilərinin əksəriyyətinin fəaliyyətində köklü dəyişikliklər apardı. Belə ki, bir çox sənətçini rus dilində danışmaqdan uzaqlaşdırdı: “O sənətçilər arasında da türkçülüyü, millətçiliyi təbliğ edirdi. Xalqı dininə, mənəviyyatına qaytarmağa çalışırdı və buna nail oldu. Onlarla sənətçini uçurumdan qaytardı“. Cavanşir Quliyev qeyd etdi ki, Əbülfəz Elçibəy Azərbaycan mədəniyyətində folklor dalğası yaratdı. Bu proses incəsənətin inkişafında xüsusi rol oynadı. AXCP(k) sədri Mirmahmud Mirəlioğlu isə dedi ki, Elçibəyçilik bir sistemdir. Əbülfəz Elçibəy həm fəaliyyəti, həm də susmağı ilə bir aura yaradırdı: “Bəyin fəaliyyəti, həyatı doğrudan da bir sistem təşkil edirdi. Tədbirlərdə İslam dinindən danışanda deyirdi ki, türkün islam sistemini qorumaq lazımdır. O, yeganə prezident idi ki, rəhbərliyi dövründə türk, Turan dünyasını açıq-aşkar, qorxmadan təbliğ edirdi“. M.Mirəlioğlu qeyd etdi ki, Əbülfəz Elçibəy həmişə sözünün ağası olub. O, insanları səmimiyyətə çağırırdı. Mirmahmud Mirəloğlu bildirdi ki, gələcəkdə Əbülfəz Elçibəy haqqında tədqiqatlar aparılacaq və eks-prezidentə layiqli qiymət veriləcək.
Yazıçı Abbas Abdulla isə qeyd etdi ki, Əbülfəz Elçibəyin rəqibləri də onun adından istifadə edə bilirdi. Bu, da onun dahiliyindən xəbər verirdi. Abbas Abdulla bildirdi ki, Ə. Elçib
əy xalqı vəzifəsinə qurban vermək istəmədi. Məhz buna görə də ölkədə vətəndaş müharibəsinin olmaması üçün prezidentlik kürsüsünü tərk etdi: “Elçibəy ölməyib. O, xalqın yolunda şəhid olub. Ona görə də bu dahi şəxsiyyət hər vaxt xalqın qəlbində yaşayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, o qədər də Əbülfəz Elçibəy yaşayacaq. O, Azərbaycanın demokratiya məşəlidir“.


Bütöv Azərbaycan Birliyi Əbülfəz Elçibəyin doğum günü ilə bağlı keçirdiyi tədbirlərdə ziyalıların çıxışlarını toplayaraq avqust ayında kitab şəki
lində çap etdirəcək.

u Samir Güləliyev